Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Ramil Hacı bildirib ki, muxtar respublikada 17 stadion, 28 mini futbol meydançası mövcuddur və hazırda 100 qrup üzrə 1244 yeniyetmə və gənc aktiv şəkildə futbolla məşğuldur. Rayon və kəndlərdə əhalinin, xüsusilə də gənc nəslin futbola olan marağının daha da artırılması məqsədi ilə Şərur rayonunda 4, Culfa rayonunda 2, Sədərək rayonunda 2, Ordubad və Kəngərli rayonlarının hərəsində 1 olmaqla, ümumilikdə 10 stadion əsaslı təmir olunaraq istifadəyə verilib.
Qeyd olunub ki, son dövrlərdə məşqçi və hakimlər üçün seminarlar, kurslar, uşaq futbol komandaları arasında beynəlxalq turnir, Region Liqasının yeni mövsümləri, futzal və çimərlik futbolunda ilk peşəkar liqa və çempionatlar keçirilib, AFFA-nın “Qızlar bacarır” və UEFA “Qrassruts” layihələrinin icrası təmin olunub. Yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılıb.
Federasiyanın sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.
Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri ictimaiyyətə təqdim olunub. Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.
Vüqar Abbasov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Göstərilən etimada görə minnətdarlığını bildirən Vüqar Abbasov Futbol Federasiyasının muxtar respublikada futbolun inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb.