Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub.
“Cahan Holdinq”-in təsisçisi Vüqar Abbasov tədbir zamanı çıxışında deyib ki, muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən siyasətin nəticəsi olaraq “Cahan Holdinq” də bu istiqamətdə öz töhfəsini verə bilib. “Ümid Yaşayış Kompleksində” müasir yaşayış standartlarına cavab verən binalar tikilmiş, xidmət və istirahət sahələri yaradılmışdır. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də öz növbəsində Azərbaycanda müşahidə olunan inkişaf və müasirləşmənin Naxçıvanda da davam etdirilməsi, əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yeni layihələrin icra olunacağını bildirib.
Qeyd edək ki, təməli 2020-ci ilin iyun ayında qoyulan “Ümid Yaşayış Kompleksi”-nin ümumi sahəsi 22 min 325 kvadratmetrdir və 4 ədəd 9 mərtəbəli yaşayış binasından ibarətdir. Binalarının hər birində 4 və 2 otaqlı olmaqla 54 mənzil yerləşir. Ümumilikdə, 4 yaşayış binasında 192 mənzil istifadəyə verilmişdir. Binalar lift ilə təmin olunub. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsindədir. Yaşayış kompleksində müasir işıqlandırma, təhlükəsizlik üçün mərkəzi müşahidə sistemi, 2 ədəd 650 kVA gücündə transformator, mərkəzi havalandırma sistemləri quraşdırılıb. Yanğından mühafizə üçün 500 kubmetrlik, tələbatı ödəmək üçün 250 kubmetrlik iki su anbarı tikilmişdir. Mənzillər yüksək sürətli fiber-optik şəbəkə sistemi ilə təchiz edilmişdir.
İnşa olunan mənzillər ipoteka və sərbəst satışlarla əhalinin xidmətindədir. 72 mənzil ipoteka krediti ilə satılmışdır. Bundan başqa daxili imkanlar hesabına 32 ailəyə bir illik faizsiz daxili kredit , 29 ailəyə isə üç ilik daxili kredit verilərək gənc ailələr ev ilə təmin olunub.
“Ümid” yaşayış kompleksində 8460 kvadratmetr ərazi abadlaşdırılaraq sakinlər üçün istirahət parkı, uşaqlar üçün əyləncə parkı yaradılmışdır.
Müasir tələblərə cavab verən “Ümid” yaşayış kompleksin əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərmişdir. Burada 26 mağaza istifadəyə verilib. Kompleksdə 10 yeni iş yeri açılıb, orta aylıq əməkhaqqı 600 manatdır.