19 dekabr 2019-cu il tarixdə Naxçıvan Biznes Mərkəzində regional seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra tədbirin açılış mərasimində iştirakçıları salamlayan Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında son illərdə aparılan quruculuq tədbirlərindən, iqtisadi və sosial sahədəki inkişafdan danışıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Hazırda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası 33 üzvü özündə birləşdirir. Dövlət və sahibkar əlaqələrinin dərinləşməsi ilə son 24 il ərzində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yeyinti sənayesi və kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılıb. Yaradılan hər yeni istehsal sahəsi daxili bazarın qorunmasında, xarici valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayıb.
Vüqar Abbasov tədbir çərçivəsində aparılacaq müzakirə və təhlillərin muxtar respublikanın gələcək inkişafı kontekstində faydalı olacağına, iqtisadi inkişafına töhfə verəcəyinə, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, 1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət məhsul istehsalının artımına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərib. Blokada şəraitinin çətinliklərinə baxmayaraq iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il artan templə inkişaf edib.
Qeyd olunub ki, muxtar respublikada 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi
məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub.
Tapdıq Əliyev bildirib ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar açıb. Hər il muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində “Ailə təsərrüfatı məhsulları” festivalının təşkili bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Artıq muxtar respublikada bu sahə üzrə ixtisaslaşan ailə təsərrüfatları tərəfindən istehsal olunan orqanik məhsullara Bakı şəhəri və respublikamızın digər bölgələrində böyük tələbat yaranıb. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, Bakı və Gəncə şəhərlərində Naxçıvan məhsullarının satıldığı mağazalar fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafını təmin edən sahələrdən biri də kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin inkişafına hərtərəfli şərait yaradır. Qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.
Kənd təsərrüfatı infrastrukturunu yaxşılaşdırmaqla əkinçilik sahəsində yüksək göstəricilərə nail olunub. Belə ki, 519,4 hektarı 2019-cu ildə olmaqla 4479 hektar sahədə qapalı suvarma sistemlərinin tikilərək istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına imkan yaradıb.Kənd təsərrüfatında aparılan iqtisadi islahatlar artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bütün regionlarda sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılır.
Vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində, bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artıb. Əlavə dəyərin 6,2 faizi məhz kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatının inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ölkə rəhbərinin ən çox önəm verdiyi məsələlərdəndir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Əməkdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak seminarın Naxçıvanda keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
MelekÇakmak vurğulayıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 15-16 il kimi qısa müddət ərzində burada qida təhlükəsizliyinin təmin edilməsində əldə olunan nailiyyətlər təqdirəlayiqdir. Burada kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində böyük dəstək göstərilir. MelekÇakmak kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökümətinin səylərini yüksək qiymətləndirib.
“Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Leyla Məmmədova qeyd edib ki, Bakı şəhərində muxtar respublikada istehsal olunan məhsulların da satışı təşkil edilir və bu məhsullara çox böyük tələbat var. Qurum tərəfindən kiçik və orta sahibkarların biznesinə dəstək məqsədilə yaradılan “Kənddən Şəhərə” satış yarmarkası və mağazalarında ən çox satılan məhsulların əksəriyyəti Naxçıvanda istehsal olunan məhsullardır. Ümidvarıq ki, gələcəkdə belə sahibkarların sayı daha da artacaq.
Sonra seminar öz işini “2030-cu il Gündəliyi və Ərzaq və Kənd Təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində özəl sektorun rolu”, “Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsini dəstəkləyən biznes fəaliyyətində potensialın inkişafı”, “Bilik mübadiləsi - Özəl Sektor və DİM-lər - Region üzrə təcrübələr” mövzularında sessiyalarla davam etdirib. BMT nümayəndələri Delavar Barekrai, Pedro Marcelo Arias və digərləri məruzə və çıxışlar ediblər.