Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və nazirliyin tabeliyində olan xidmət orqanlarının rəhbərləri “Cahan Sənaye Kompleksi”nə səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Kompleksdə fəaliyyət göstərən polimer boru və radiator istehsalı sahələri ilə tanış olub. Qonaqlara istehsal prosesində tətbiq edilən müasir texnologiyalar, müəssisədə quraşdırılmış avadanlıqlar və məhsul istehsalının mərhələləri barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Qafqazın ən böyük enerji və sərinləşdirici içkilər zavodunda – ENNA MMC-də olub. Burada istehsal prosesinin tam avtomatlaşdırılması, müasir texnoloji avadanlıqların tətbiqi və minimal insan müdaxiləsi ilə həyata keçirilən istehsal zənciri barədə məlumat təqdim edilib. Zavodun istehsal gücü, məhsul çeşidləri və ixrac imkanları haqqında da qonaqlara geniş təqdimat keçirilib.
Səfərin sonunda “Cahan Şirkətlər Qrupu”nun ümumi fəaliyyəti, regionun iqtisadi inkişafına verdiyi töhfələr, yerli istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasındakı rolu barədə məlumat verilib.