Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir. Sentyabrın 22–23-də AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirməyi hədəfləyir.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası keçirilib.
Qeyd edək ki, forumda ASK-nın vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak edib.