Aprelin 21-də “Cahan İnşaat” MMC-də “İstehsalatda işləyən qadınların hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Cahan Şirkətlər Qrupu”nun Aparat rəhbəri Azər Cəfərov cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirmişdir ki, qadınlara edilən güzəştlər və imtiyazlar, müxtəlif ölkələrdə sosial bərabərlik, cinsiyyət bərabərliyi və qadınların hüquqlarını dəstəkləmək məqsədilə tətbiq edilir. Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Cavad Cavadov, Naxçıvan Sahibkarlar Konfederasiyasının baş mütəxəssisi Nuray Kərimova, Naxçıvan Dövlət Universitetinin tarix elmləri doktoru, professor Sevinc Abbasova qadınların bərabər hüquqlara sahib olmaları və iş yerlərində qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması üçün qanunların mövcud olduğunu iştirakçıların nəzərinə çatdırıblar. Diskussiya şəklində keçən tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.